"Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib

Hit: 172
"Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Uşaq hüquqları aylığı" çərçivəsində “İnformasiya təhlükəsizliyi konseptində uşaq hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, yerli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul şəxsləri, məktəb rəhbərliyi, ağsaqqallar, psixoloq və müəllimlər, şagirdlər iştirak edib.
 
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxışçılar qeyd ediblər ki, hər il olduğu kimi, cari ildə də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.
 
Xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixində imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün kompleks vəzifələr müəyyən edir və bu sahədə qəbul olunmuş dövlət sənədləri uşaqların fiziki, psixoloji və mənəvi inkişafının dəstəklənməsi istiqamətində mühüm hüquqi bazadır. 
 
Həmçinin, çıxışçılar qeyd ediblər ki, müasir dövrdə uşaqların informasiya əldə etmək hüququ ilə yanaşı, onların zərərli və yaş qrupuna uyğun olmayan kontentdən, kiberbullinqdən və şəxsi məlumatların sızmasından qorunması dövlət, məktəb, cəmiyyət və valideynlərin birgə məsuliyyətidir. Sürətli texnoloji inkişaf fonunda uşaqların internetdən təhlükəsiz və səmərəli istifadə etməsi üçün onlarda rəqəmsal savadlılığın və tənqidi təfəkkürün formalaşdırılmasının, eləcə də valideyn nəzarətinin düzgün təşkilinin böyük rol oynadığı vurğulanıb. Azyaşlıların kiberməkanda təhlükəsizliyini təmin edən hüquqi baza, mövcud qanunvericilik və bu sahədə həyata keçirilən davamlı maarifləndirmə layihələrinin əhəmiyyəti xüsusi qeyd olunub.
 
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi