DƏMX tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri üçün qeyri-formal məşğulluğa dair təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “Qeyri-formal məşğulluğun işçiyə, işəgötürənə və cəmiyyətə təsiri” mövzusunda təlim keçirilib.
Təlimdə Akademiyanın müəllim və tələbələrindən ibarət 200-ə yaxın şəxs iştirak ediblər.
Görüşdə Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev tədrisin keyfiyyətinin artırılması, müasir təhsil imkanlarının genişləndirilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. O, qeyri-formal məşğulluğun yaratdığı mənfi təsirlərə toxunaraq bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
DƏMX-in Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti şöbəsinin müdir müavini Mehman Abdullayev qeyri-formal məşğulluğun mahiyyəti, yaranma səbəbləri və mənfi nəticələri barədə iştirakçılara məlumat verib.
Bildirilib ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi işçilərin əmək və sosial hüquqlarının təmin olunmasında ciddi risklər yaradır. Qeyri-formal məşğulluğun işçilər üçün sosial təminatların məhdudlaşması, əmək hüquqlarının pozulması və təhlükəsiz əmək şəraitinin təmin edilməməsi, işəgötürənlər üçün isə hüquqi məsuliyyət və digər mənfi nəticələri diqqətə çatdırılıb.
Təlim zamanı əmək müqaviləsi ilə mülki-hüquqi müqavilənin fərqləri, əmək stajı, əmək şəraiti, əməyin mühafizəsi, maddi məsuliyyət, əmək və sosial təminatlar barədə ətraflı məlumat verilib. Əmək müqaviləsinin bağlanmasının işçilərin hüquqlarının qorunması və sosial təminatlarının formalaşması baxımından əhəmiyyəti izah edilib.
Həmçinin əmək müqaviləsinin tərəfləri, məzmunu, forması və müddəti, müddətli əmək müqavilələrinin bağlanması halları, eləcə də əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi məsələlərinə toxunulub.
Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




































































