Bakıda şəhid ailələri ilə görüş keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura Bakı 29 saylı Mediasiya Təşkilatı ilə birgə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə şəhid ailələri ilə görüş keçirib.
Görüşdə şəhidlərin valideynləri və ailə üzvləri ilə yanaşı, ziyalılar, vəkillər, mediatorlar, hüquqşünaslar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, Bakı 29 saylı Mediasiya Təşkilatının direktoru Venera Əsgərova bildirib ki, tədbirin əsas mesajı “Zəfərimizdə övladlarınızın əbədi payı, xalqımızın qəlbində isə ölməz adı vardır!” sözlərində ifadə olunur. O qeyd edib ki, görüşün əsas məqsədi Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, onların ailələrinə mənəvi dəstəyi və cəmiyyətin daim onların yanında olduğunu ifadə etməkdir.
Venera Əsgərova görüşdə onun Azərbaycan Texniki Universitetində dərs dediyi şəhid tələbələrin, eləcə də “Azərişıq” ASC-də birlikdə çalışdığı şəhid həmkarlarının valideynlərinin də iştirak etdiyini bildirib. O vurğulayıb: “Onların xatirəsini yaşatmaq və ailələrinin yanında olmaq hər birimizin mənəvi borcudur”.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Labidə Batıyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, “Qadın Vəkillər Alyansı”nın sədri Dilarə Əfrasiyabova, Azərbaycan Uşaq Fondunun icraçı direktoru vəkil Vüsalə Muradxanlı, Sumqayıt 2 saylı Mediasiya Təşkilatının direktoru Aynurə Musayeva, eləcə də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) aparıcı-müxbiri Xatirə Cəfərova iştirak ediblər.
Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların əziz xatirəsinin daim uca tutulmasının əhəmiyyətindən danışılıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı olmasının, onların hər zaman dövlətin və cəmiyyətin dəstəyini hiss etmələrinin vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və digər şəhid ailələrinin üzvləri övladlarının və doğmalarının xatirəsinə göstərilən ehtirama, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur və onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyirlər.
Sonda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Vətənə Zəfər qazandıran şəhidlərin ailələrinə “Təşəkkürnamə”lər təqdim olunub.
































































