Baş prokuror Mərakeş və İraqın antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb
Cari il oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti Məhəmməd Benalilu və İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı doktor Məhəmməd Əli əl-Lami ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Tərəflər Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeşin müvafiq qurumu arasında əməkdaşlığın inkişaf perspektivlərini, qabaqcıl təcrübənin öyrənilməsini və beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı ilə görüşdə Azərbaycan-İraq münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı müsbət qiymətləndirilib, İraqın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.
Baş prokuror 2024-cü ilin noyabrında Qətərdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin ikinci yüksək səviyyəli görüşü çərçivəsində Məhəmməd Əli əl-Lami ilə, habelə 2024-2025-ci illərdə İraqın məhkəmə və prokurorluq orqanlarının rəhbərləri ilə keçirdiyi görüşləri xatırladaraq, bu təmasların hüquqi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İraq Respublikasının Federal Dürüstlük Komissiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.






























































