ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib

Hit: 181
ATU-da tələbələrin karyerasına dəstək: “CV Makeover Challenge” müsabiqəsi keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Xarici tələbələrin səsi” klubunun təşkilatçılığı ilə tələbələr üçün “Tibbi CV-lərin hazırlanması” adlı seminar keçirilib. 
 
Seminarın əsas məqsədi gələcək tibb mütəxəssislərinin peşəkar karyera quruculuğu bacarıqlarını inkişaf etdirmək, onlara tibbi CV-nin hazırlanmasının əsas prinsiplərini öyrətmək və əmək bazarına hazırlıq səviyyələrini artırmaq olub. 
 
Tədbirdə çıxış edən neyrocərrah, nevroloq və klinik nevrologiya üzrə mütəxəssis Nigar Nəcəfbəyli tibbi CV-nin hazırlanması zamanı diqqət yetirilməli məqamlar, peşəkar təcrübə və bacarıqların düzgün təqdim edilməsi, eləcə də CV-nin daha effektiv və rəqabətədavamlı formalaşdırılması barədə tələbələrə ətraflı məlumat verib. 
 
Seminarın praktiki hissəsində tələbələr arasında “CV-nin təkmilləşdirilməsi müsabiqəsi” — “CV Makeover Challenge” təşkil olunub. İştirakçılar seminarda əldə etdikləri bilikləri tətbiq edərək CV hazırlama və təkmilləşdirmə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə tələbələrin nəzəri biliklərini praktiki vərdişlərə çevirməsinə, yaradıcı yanaşma və komanda işi bacarıqlarını inkişaf etdirməsinə imkan yaradıb. 
 
Tədbirin sonunda qalib komandalar hədiyyələrlə, bütün iştirakçılar isə sertifikatlarla təltif ediliblər. 
 
Qeyd edək ki, bu cür təşəbbüslər tələbələrin peşəkar inkişafı, karyera imkanlarının genişləndirilməsi və əmək bazarına daha hazırlıqlı daxil olmalarına töhfə verir. Seminar, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü məqsəd — Keyfiyyətli təhsil və 8-ci məqsəd — Layiqli əmək və iqtisadi artım ilə uzlaşaraq təhsillə peşəkar inkişaf arasında əlaqənin gücləndirilməsinə xidmət edir.






Redaktorun seçimi