Birinci Ailə Forumunda rəqəmsal dövrdə ailənin qarşılaşdığı yeni çağırışlar müzakirə olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu çərçivəsində altı istiqamət üzrə panel müzakirələri təşkil olunub.
“Ailə münasibətlərinin yeni dinamikası: ünsiyyət və sosial bağlılıq” adlı birinci paneldə ailədaxili ünsiyyət, münasibətlərin möhkəmləndirilməsi və sosial bağlılığın qorunması məsələləri müzakirə olunub. Paneldə Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, klinik psixoloq və psixoterapevt Rövşən Nəcəfov, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova iştirak ediblər.
İkinci panel isə “Yeni nəsil valideynlik: uşağın təhlükəsizliyi, inkişafı və rəqəmsal rifah” mövzusuna həsr olunub. Paneldə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, sağlam inkişafı və valideynlərin üzərinə düşən məsuliyyət müzakirə edilib. Müzakirələrə uşaq inkişafı üzrə mütəxəssis, pediatr Ülviyyə Mirzəyeva, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev qatılıblar.
“Texnologiya dövründə insan rifahı: sağlamlıq, həyat tərzi və yeni vərdişlər” adlı üçüncü paneldə texnologiyaların gündəlik həyata təsiri, sağlam həyat tərzinin təşviqi və yeni vərdişlərin formalaşması məsələləri nəzərdən keçirilib. Paneldə TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri Nigar Rüstəmli, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova və psixoloq Gülşən Axundova iştirak ediblər.
Rəqəmsal mühitdə şəxsi məlumatların qorunması, hüquqların təmin edilməsi və təhlükəsizlik məsələləri “Yeni risklər mühitində ailə: hüquqlar, məxfilik və təhlükəsizlik” panelində nəzərdən keçirilib. Müzakirələrdə rəqəmsal mühitdə ailə üzvlərinin hüquqlarının qorunması, şəxsi məlumatların məxfiliyi və təhlükəsizlik məsələləri müzakirə olunub. Paneldə Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, Azərbaycan Təhsil Psixoloqları İctimai Birliyinin psixoloqu Əsli Zeynalabdinova və Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirak ediblər.
Süni intellektin gündəlik həyata nüfuz etməsi, insan münasibətlərinə təsiri və bu texnologiyalardan istifadə zamanı etibarın qorunması da Forumun əsas müzakirə istiqamətlərindən biri olub. “Süni intellekt insan həyatında: seçimlər, münasibətlər və etibarın sərhədləri” panelində süni intellekt texnologiyalarının insan münasibətlərinə təsiri, bu texnologiyalardan istifadə zamanı etibar, məsuliyyət və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Müzakirələrdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Lamiyə Nəcəfova, Vəkillər Kollegiyasının üzvü Şəbnəm Tağıyeva və Duyğu Sosial Reabilitasiya İctimai Birliyinin sədr müavini, psixoloq Fidan Əkbərli iştirak edərək mövzunun müxtəlif aspektlərinə toxunublar.
Forumun gələcəyə yönələn müzakirələri “Gələcəyin ailəsi: 2030–2040 perspektivində yeni həyat modeli” panelində davam etdirilib. Paneldə gələcək dövrdə ailə modelinin mümkün dəyişiklikləri, demoqrafik və sosial çağırışlar, gənclərlə iş və ailənin inkişaf perspektivləri müzakirə edilib. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sosial proqramlar sektorunun müdiri Nərmin Cahangirova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini Məhəmməd Cəbrayılov və Qərbi Kaspi Universitetinin Psixologiya kafedrasının dosenti Elnarə Əhmədova gələcək ailə modelinin xüsusiyyətləri, demoqrafik və sosial dəyişikliklər, ailənin dayanıqlı inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Panel müzakirələri çərçivəsində ailənin müasir cəmiyyətin inkişafında rolu, rəqəmsal transformasiyanın yaratdığı imkan və risklər, uşaqların rifahı və təhlükəsizliyi, eləcə də ailə münasibətlərinin qorunması ilə bağlı aktual məsələlər müxtəlif aspektlərdən dəyərləndirilib.




































































