ADNSU ilə Qazaxıstan-Amerika Universiteti arasında akademik və elmi əməkdaşlıq perspektivləri müzakirə olunub
Qazaxıstan-Amerika Universitetində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə akademik və elmi əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunmuş görüş keçirilib.
Görüşdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Görüşdə həmçinin Qazaxıstan-Amerika Universitetinin Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Araylım Nurmaşeva və departamentin digər nümayəndələri də iştirak ediblər.
Müzakirələr zamanı tələbə və professor-müəllim heyətinin akademik mobilliyi, magistrant və doktorantların elmi-tədqiqat təcrübələrinin təşkili, eləcə də birgə təhsil təşəbbüslərinin hazırlanması imkanları nəzərdən keçirilib.
Əməkdaşlığın əsas istiqamətləri sırasında birgə modul təhsil proqramının hazırlanması, təhsil kreditlərinin hər iki universitet tərəfindən qarşılıqlı tanınması və magistrantlara birgə elmi rəhbərliyin təşkili məsələləri yer alıb. Həmçinin tələbələrin əlavə bilik və bacarıqlar qazanmasına, beynəlxalq akademik təcrübələrinin genişləndirilməsinə xidmət edən kredit əsaslı qış və yay məktəblərinin keçirilməsi müzakirə olunub.
Görüşdə MBA proqramının açılmasına dəstək imkanları barədə də fikir mübadiləsi aparılıb. Bu istiqamətdə proqramın hazırlanması üzrə təcrübə mübadiləsi və akademik əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb.
Qeyd edək ki, Almatı şəhərində yerləşən Qazaxıstan-Amerika Universitetində biznes və informasiya texnologiyaları, eləcə də humanitar elmlər və kreativ sənayelər üzrə təhsil proqramları təqdim olunur. Universitetin təhsil istiqamətlərinə maliyyə, beynəlxalq biznes və sahibkarlıq, menecment və verilənlərin analitikası, informasiya sistemləri, kompüter elmləri, biznes və texnologiyalarda süni intellekt, həmçinin rəqəmsal marketinq daxildir. Bu istiqamətlər biznes təhsili və rəqəmsal texnologiyalar sahələrində birgə akademik təşəbbüslər üçün imkanlar yaradır.



































































