11 ölkənin tələbələri ADAU-da bir araya gəlib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2026–2027-ci tədris ili üzrə qəbul olunan əcnəbi tələbələrin sənədləşmə, qeydiyyat, oriyentasiya və miqrasiya prosedurları yekunlaşıb.
Proses çərçivəsində yeni qəbul olunan tələbələrə universitetin tədris mühiti, infrastrukturu, tələbə xidmətləri və daxili qaydaları barədə məlumat verilib. Eyni zamanda, Azərbaycanda müvəqqəti yaşama və miqrasiya tələbləri ilə bağlı zəruri izahatlar təqdim olunub, sənədləşmə və müvafiq inzibati prosedurların həyata keçirilməsində tələbələrə dəstək göstərilib.
Hazırda ADAU-da Türkiyə, Cənubi Afrika Respublikası, Gürcüstan, Hindistan, İsrail, Moldova, Qırğızıstan, Rusiya, Ukrayna, Mavriki və Somali ölkələrini təmsil edən 300-dən çox əcnəbi tələbə təhsil alır.
Universitet əcnəbi tələbələrin təhsil mühitinə uyğunlaşması, qeydiyyat və miqrasiya prosedurlarının səmərəli təşkili, eləcə də təhsil müddətində zəruri dəstəklə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.



































































