Yanvar-sentyabr aylarında əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 115 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Onlardan 60,6 min şəxsə ambulator, 28,9 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

































































