Rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında rayon Ağsaqqallar Şurasının növbəti yığıncağı keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qonaqları və ağsaqqalları salamladıqdan sonra ölkəmizdə, eləcə də rayonumuzun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan, onlara göstərilən dövlət qayğısından danışıb, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan E.Paşayev onun ağsaqqallarımız haqqında söylədiyi "Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər kəs üçün örnək olduğunu söyləyib. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edərək ölkəmizdə bütün sahələrdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin vacibliyini vurğulayıb. Həmçinin E.Paşayev 2 oktyabr 2026-cı il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edərək bildirib ki, qurultay Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkənin davamlı inkişafının təmin olunması və qarşıdakı dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultaydakı nitqinin proqram xarakteri daşıdığı vurğulanaraq bildirilib ki, dövlət başçısının çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər geniş təhlil olunmaqla yanaşı, qarşıdakı dövr üçün mühüm vəzifələr də müəyyənləşdirilib. Onun sözlərinə görə, partiyanın fəaliyyətində əsas istiqamətlərdən biri dövlət siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması, ictimai-siyasi sabitliyin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi və gənc nəslin siyasi proseslərdə fəal iştirakının təmin edilməsidir. Müasir dövrdə təhlükəsizlik anlayışının genişləndiyi, informasiya məkanı, ictimai şüur, milli-mənəvi dəyərlər və cəmiyyətin xarici təsirlərə qarşı dayanıqlılığının dövlət təhlükəsizliyinin mühüm elementinə çevrildiyi qeyd olunub. Qloballaşma və rəqəmsallaşma şəraitində xarici ideoloji təsirlərə qarşı cəmiyyətin dayanıqlılığının təmin edilməsində ağsaqqallar institutunun rolu əvəzsiz strateji əhəmiyyət kəsb edir.
Yığıncaqda təşkilati məsələlərə baxılıb, Dadaşov Mustafa Hacı oğlu rayon Ağsaqqallar Şurasının sədri seçilib, eyni zamanda Şuranın İdarə heyətinin yeni tərkibi formalaşıb.
Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Ağsaqqallardan Nizami Abdullayev, Rafiq Hacıyev, Abdulla Orucov, Eyvaz Orucov və digərləri çıxış edərək ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və ehtiramdan, Şura üzvlərinin böyük həvəslə həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətindən bəhs ediblər.


































































