Müstəqillikdən suverenliyə uzanan dövlətçilik səlnaməsi

Hit: 208
Müstəqillikdən suverenliyə uzanan dövlətçilik səlnaməsi
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunan “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
 
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə çıxış edən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Əhməd Məlikov iştirakçıları Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümü münasibətilə təbrik edib. O, dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının tarixində mühüm hadisə olduğunu vurğulayaraq, müstəqilliyin qorunması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın gələcək tərəqqisi üçün möhkəm zəmin yaradıb.
 
Daha sonra ADAU-nun İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov “Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın dövlətçilik tarixinin əsas mərhələlərinə toxunaraq müstəqilliyin bərpasından sonra ölkə qarşısında duran vəzifələr, milli maraqların qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
 
İctimai fənlər kafedrasının dosenti Çinarə Səfərova “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Mühəndislik fakültəsinin tələbəsi Nuranə Məmmədova isə “Müstəqil Azərbaycan Respublikası gənclərin gözü ilə” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki yeri, müstəqillik ideyasının formalaşmasındakı rolu və dövlətçilik ənənələrinin müasir Azərbaycan Respublikasında davam etdirilməsi məsələləri diqqətə çatdırılıb.
 
Konfrans çərçivəsində Aqrotexnologiya fakültəsinin II kurs tələbəsi Leyla Tağıyeva “Yaşa, var ol hər zaman Azərbaycanım”, Torpaqşünaslıq və aqrokimya fakültəsinin IV kurs tələbəsi Arzu Rüstəmova isə “Qanımdır, canımdır Azərbaycanım” şeirlərini səsləndiriblər.
 
Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunan videoçarx nümayiş etdirilib.






Redaktorun seçimi