Qaxda Prezidentin YAP-ın Qurultayındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub
Qax Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin, müasir dövrün siyasi çağırışlarının və milli ideoloji təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu təhsil sektorunun müdiri Babək Heydərov,Qax rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru vəzifələrini müvəqqəti icra edən Musa Abidov, şəhid xanımı Məryəm Dursunova, Vətən müharibəsi qazisi Rahib Bayramov və Rayon Ağsaqqallar Şurasının üzvü, həkim-cərrah Vahid Məsimov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi siyasi prioritetlər, Azərbaycanın yeni tarixi mərhələdə qarşısında duran vəzifələr, milli maraqların qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi və cəmiyyətin dövlətçilik ətrafında birliyinin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli maraqların qorunması və müasir çağırışlara uyğun fəaliyyətin təşkili baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası qarşımızda yeni vəzifələr müəyyənləşdirir. Əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, milli birliyi möhkəmləndirmək və ölkəmizin davamlı inkişafına töhfə verməkdir.
Müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və informasiya təhdidlərinə qarşı maarifləndirmə işinin gücləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə əsas diqqət gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, dövlətçilik düşüncəsinin formalaşdırılmasına və informasiya savadlılığının artırılmasına yönəldilməlidir.
Qax rayonunda da bu istiqamətdə fəaliyyət sistemli və əlaqələndirilmiş şəkildə qurulmalıdır. Aidiyyəti qurumlar qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, keçirilən tədbirlərin formal xarakter daşımamasına, konkret nəticələrə və ictimai faydaya xidmət etməsinə diqqət yetirməlidirlər.
Əsas vəzifələrimiz Prezidentin çıxışından irəli gələn müddəaların mahiyyətini ictimaiyyətə düzgün çatdırmaq, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək, milli-mənəvi dəyərləri qorumaq və ideoloji təhlükəsizlik sahəsində birgə fəaliyyəti daha da təkmilləşdirməkdir.
Əminəm ki, bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət rayonumuzda ictimai həmrəyliyin möhkəmlənməsinə, dövlətçilik prinsiplərinin təşviqinə və qarşıya qoyulan vəzifələrin səmərəli icrasına töhfə verəcək.
Təhsil sektorunun müdiri Babək Heydərov çıxışında gənclərin milli ruhda, vətənə və dövlətə bağlılıq, tarixi irsə hörmət və vətəndaş məsuliyyəti prinsipləri əsasında yetişdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Təhsil müəssisələrində ideoloji maarifləndirmənin gücləndirilməsi, şagirdlərdə informasiya savadlılığının formalaşdırılması və milli-mənəvi dəyərlərin təbliğinin təlim-tərbiyə prosesinin mühüm tərkib hissəsi olması vurğulanıb.
DAİM rəhbərinin vəzifələrini müvəqqəti icra edən Musa Abidov çıxışında dövlət siyasətinin həyata keçirilməsində aqrar sahənin, kənd təsərrüfatının inkişafının, kənd əhalisinin rifahının yüksəldilməsinin və bölgələrin iqtisadi potensialından səmərəli istifadənin əhəmiyyətinə toxunub. Qeyd edilib ki, ölkənin dayanıqlı inkişafı üçün hər bir sahədə dövlət proqramlarının məqsədyönlü icrası və yerli imkanların düzgün dəyərləndirilməsi vacibdir.
Şəhid xanımı Məryəm Dursunova çıxışında Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin yaşadılmasının, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının, milli birliyin və vətənpərvərlik ruhunun qorunmasının əhəmiyyətini vurğulayıb. O, şəhidlərin müqəddəs əmanətinə sədaqətin, gənc nəslin Vətənə məhəbbət və dövlətə bağlılıq ruhunda yetişdirilməsinin hər bir vətəndaşın mənəvi məsuliyyəti olduğunu qeyd edib.
Vətən müharibəsi qazisi Rahib Bayramov çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının xalqın birliyi, dövlətin gücü və Vətənə sədaqət nümunəsi olduğunu bildirib. O, qazanılmış tarixi nailiyyətlərin qorunması, gənclərin milli ruhda tərbiyəsi, informasiya təxribatlarına qarşı ayıq-sayıqlığın artırılması və dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunub.
Rayon Ağsaqqallar Şurasının üzvü, həkim-cərrah Vahid Məsimov çıxışında cəmiyyətin mənəvi bütövlüyünün qorunmasında ağsaqqalların, ziyalıların və səhiyyə işçilərinin rolunu diqqətə çatdırıb. O, milli-mənəvi dəyərlərin yaşadılmasının, nəsillər arasında mənəvi bağlılığın gücləndirilməsinin, sağlam ictimai mühitin formalaşdırılmasının və gənclərin zərərli ideoloji təsirlərdən qorunmasının əhəmiyyətini vurğulayıb.
Müşavirədə bildirilib ki, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi müddəaların mahiyyətinin cəmiyyətə düzgün çatdırılması, ideoloji maarifləndirmənin müasir çağırışlara uyğun qurulması və bu istiqamətdə dövlət qurumları, təhsil müəssisələri, ictimaiyyət nümayəndələri və vətəndaş cəmiyyəti arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Sonda milli dövlətçilik ideyalarının təşviqi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizlik sahəsində qarşıda duran vəzifələrin ardıcıl həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, dövlətçilik ənənələrinin davamlılığı, milli birliyin möhkəmliyi və Azərbaycanın gələcək inkişafı hər bir vətəndaşın məsuliyyətli mövqeyindən və ümumi məqsədlər naminə birgə fəaliyyətindən asılıdır.

































































