ADNSU-da 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılışında çıxış edən ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. O, milli müstəqilliyin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən bəhs edib.
Millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı çıxışında Azərbaycanın müstəqilliyinin tarixindən söz açaraq bügünkü güclü Müasir Azərbaycan Dövlətinin qüdrətindən danışıb. O, milli dövlətçilik ideyalarının qorunmasının, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin və gənclərin vətənə bağlılıq ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb.
ADNSU-nun Strateji məsələlər üzrə prorektoru, dosent Vazeh Əskərov çıxışında Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və strateji inkişaf istiqamətlərinə toxunub. O, müstəqil dövlətin davamlı inkişafında təhsilin, elmin və innovasiyaların rolunu xüsusi qeyd edib.
ADNSU rektorunun hüquqi məsələlər üzrə müşaviri Sübhi Kazımov Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsasları, konstitusion dəyərlər və milli suverenliyin qorunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin müstəqilliyin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
ADNSU-nun Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov isə çıxışında Azərbaycanın müstəqillik tarixinin əsas mərhələlərindən, milli azadlıq ideyalarının formalaşmasından və dövlətçilik ənənələrinin inkişafından bəhs edib. O, tarixi hadisələrin öyrənilməsinin və milli-mənəvi dəyərlərin qorunmasının gənc nəslin dünyagörüşünün formalaşmasında əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində ADNSU-nun Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərgi də təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, Azərbaycanın dövlətçilik tarixi, müstəqillik ideyaları və ölkənin müasir inkişaf mərhələsi haqqında məlumat verən 40-dan çox nəşr nümayiş olunub.































































