Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır - Nigar Arpadarai
Bu gün Ümumdünya Qida Gününü qeyd edirik. Bu gün bizə xatırladır ki, ərzaq sadəcə əmtəə deyil, insan ləyaqətinin, ictimai sağlamlığın, sosial sabitliyin və sülhün təməlidir. Bununla belə, dünyamız hələ də ciddi ziddiyyətlə üz-üzədir: milyonlarla insanın kifayət qədər keyfiyyətli və qidalı ərzaq əldə etməkdə çətinlik çəkdiyi, eyni zamanda, külli miqdarda ərzağın itirildiyi və ya israf edildiyi halda, biz yalnız istehsalla bağlı problemlə üzləşmirik. Bu, həm də ərzağa çıxış, onun bölüşdürülməsi, dayanıqlılıq və resurslarımızı necə idarə etməyimizlə bağlı problemdir.
Bunu Milli Məclisin deputatı, COP29-un İqlim Dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai 16 Oktyabr - Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.
Nigar Arpadarai qeyd edib ki, Milli Məclisin üzvü kimi ərzaq təhlükəsizliyini dövlət siyasətinin və iqtisadi dayanıqlılığın mühüm məsələsi hesab edir. COP29-un iqlim çempionu kimi isə onu iqlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi görür:“Bu istiqamətlər bir-birindən ayrı deyil, onlar bir-biri ilə sıx bağlıdır. Ərzaq təhlükəsizliyi iqlim təhlükəsizliyidir və iqlimə davamlılıq həyatımızı təmin edən sistemdən başlamalıdır. Azərbaycanın təcrübəsi bu əlaqəni, xüsusilə aydın şəkildə nümayiş etdirir. Ölkəmiz zəngin kənd təsərrüfatı ənənələrinə, müxtəlif landşaftlara və güclü kənd təsərrüfatı istehsalı mədəniyyətinə malikdir. Kənd təsərrüfatı regionlarımızda insanların dolanışığını təmin edir və yerli icmaların inkişafına dəstək verir. Bununla yanaşı, biz, xüsusilə su qıtlığı, torpaqların deqradasiyası, temperaturun yüksəlməsi və kənd təsərrüfatı məhsuldarlığına artan təzyiq kimi ciddi problemlərlə də üzləşirik. Buna görə də Azərbaycan üçün ərzaq təhlükəsizliyi mücərrəd qlobal müzakirə mövzusu deyil. Bu məsələ su ehtiyatlarından səmərəli istifadə, fermerlərimizin dayanıqlılığı, kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyəti və regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır".





























































