Yevlaxda qeyri-formal məşğulluğun qarşısının alınması mövzusunda görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsi və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin birgə təşkilatçılığı ilə Yevlax şəhərində görüş keçirilib.
Görüş qeyri-formal məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və işsizliyin azaldılmasında peşə hazırlığının rolu mövzularına həsr edilib.
Görüşdə regional şöbənin əməkdaşları, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Əlaqələndirmə Komitəsinin sədri, Komitənin üzvləri, həmçinin görüşün keçirildiyi müəssisənin rəhbərliyi və əməkdaşları iştirak edib.
Görüş zamanı qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin, əmək münasibətlərinin rəsmiləşdirilməsinin üstünlükləri barədə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar, peşə hazırlığının təşkili, əməkhaqqının maliyyələşdirilməsi mexanizmləri, əmək münasibətlərinin rəsmiləşdirilməsi və məşğulluq sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlar arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.































































