ATU-da tibbin gələcəyinə doğru ilk addım: süni intellekt innovasiya proqramına start verildi

Hit: 162
ATU-da tibbin gələcəyinə doğru ilk addım: süni intellekt innovasiya proqramına start verildi
Azərbaycan Tibb Universitetində (ATU) “AI in Medicine Innovation Program” çərçivəsində ilk tədbir keçirilib. Proqramın əsas məqsədi tibb mütəxəssisləri ilə data-analitika və süni intellekt sahəsinin nümayəndələri arasında multidissiplinar əməkdaşlığı inkişaf etdirmək, innovativ yanaşmaları tibbi tədqiqatlara inteqrasiya etmək və əldə olunan nəticələrin gələcəkdə insanların sağlamlığına xidmət etməsinə töhfə verməkdir.
 
ATU-nun Elm və araşdırmalar bölməsinin Startap və kommersiyalaşdırma şöbəsi və Data-Analitika və Süni İntellekt Laboratoriyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin tələbə və müəllim heyəti ilə yanaşı, Mərkəzi Klinik Xəstəxananın həkimləri və ADA Universitetinin süni intellekt üzrə mütəxəssisləri iştirak ediblər. 
 
Proqramın ilk mühazirəsi “Süni intellekt və data-analitika tibbdə: əsas anlayışlar, imkanlar və məhdudiyyətlər” mövzusuna həsr olunub. Mühazirəni Data-Analitika və Süni İntellekt Laboratoriyasının rəhbəri, dosent dosent İsmayıl Qafarov və laboratoriyanın əməkdaşları — Tibbi və bioloji fizika kafedrasının müəllimi Şəbnəm Hacıyeva, Ümumi cərrahiyyə kafedrasının dosenti Elnur Qasımov və Uşaq xəstəlikləri kafedrasının müəllimi Səbahət Nəsirova interaktiv diskussiya formatında təqdim ediblər.
 
Mühazirədə müasir tibbdə məlumatların artan rolu, süni intellekt, maşın öyrənməsi və dərin öyrənmənin əsas prinsipləri, tibbi məlumatların xüsusiyyətləri və data-analitikanın klinik tədqiqatlarda əhəmiyyəti izah olunub. Süni intellektin diaqnostika, təsnifat, proqnozlaşdırma, tibbi görüntülərin təhlili və klinik qərarların dəstəklənməsi sahələrində tətbiq imkanları müzakirə edilib. Eyni zamanda, tibbi məlumatların keyfiyyəti, modellərin etibarlılığı, nəticələrin verifikasiyası və klinik qərarların qəbulunda insan nəzarətinin vacibliyi xüsusi vurğulanıb.
 
Mühazirənin əsas xüsusiyyətlərindən biri mövzuların klinisist, data-analitik və süni intellekt mütəxəssisinin fərqli baxışları əsasında təqdim edilməsi olub. Bu yanaşma tibbi süni intellekt layihəsinin yalnız alqoritm və proqram təminatından ibarət olmadığını, onun ilk növbədə düzgün müəyyənləşdirilmiş klinik problemdən və keyfiyyətli tibbi məlumatlardan başladığını nümayiş etdirib.
 
Tədbirdə klinisistlər tərəfindən konkret tibbi problemlər də müzakirəyə çıxarılıb. S.Nəsirovanın uşaqlarda hipoqlikemiyanın proqnozlaşdırılması ilə bağlı təqdim etdiyi klinik situasiya tədbir zamanı araşdırılıb, problemin həllində süni intellektin mümkün tətbiq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
 
E.Qasımov isə hernioplastika əməliyyatları ilə əlaqədar kompüter tomoqrafiyası (KT) təsvirlərinin təhlilində süni intellektin tətbiqi imkanlarına dair klinik məsələ qaldırıb. Aparılan diskussiyalar zamanı bu problemin daha ətraflı araşdırılması üçün KT görüntülərinə əsaslanan geniş təqdimatın hazırlanmasının zəruriliyi vurğulanıb. Həmin klinik situasiyada süni intellekt modelinin tətbiqi imkanlarının daha geniş müzakirəsi növbəti görüşlərə saxlanılıb.
 
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, süni intellektin tibbdə əsas məqsədi həkimi əvəz etmək deyil, onun daha əsaslandırılmış və məlumatlandırılmış klinik qərarlar qəbul etməsinə dəstək göstərməkdir.
 
Görüşdə növbəti həftə keçiriləcək ilk praktik treninq barədə də məlumat verilib. 
 
“AI in Medicine Innovation Programı” çərçivəsində mühazirə və praktik məşğələlər növbəli şəkildə davam etdiriləcək. 






Redaktorun seçimi