Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır

Hit: 158
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
Azərbaycan Tibb Universiteti (ATU) ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (“AzerMDS”) arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanaraq birgə fəaliyyətin yeni istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri müəyyənləşdirilib.
 
Bu münasibətlə keçirilən görüşdə universitetin rektoru, professor Gəray Gəraybəyli “AzerMDS”-in fəaliyyəti, eləcə də indiyədək əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər və görülən işlərlə maraqlanıb.
 
Birliyin sədri Gülay Novruzova “AzerMDS”-in fəaliyyəti, əldə olunan nəticələr və həyata keçirilən layihələr barədə məlumat verib. O, ötən dövr ərzində tibb sahəsində əməkdaşlığın genişləndirilməsi şərçivəsində görülən işlərin, tələbələrin peşəkar inkişafının dəstəklənməsi və birgə təşəbbüslərin reallaşdırılması istiqamətində fəaliyyətin davam etdirildiyini vurğulayıb. 
 
Görüşün sonunda Azərbaycan Tibb Universiteti ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd tərəflər arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, ortaq məqsədlər əsasında birgə fəaliyyətin təşviqi və tibb sahəsində yeni inkişaf imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Memorandum çərçivəsində gələcəkdə elmi və maarifləndirici tədbirlərin, təlimlərin, seminarların, konfransların və müxtəlif layihələrin təşkili nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərindən biri də tibb tələbələrinin nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişaf etdirilməsi, onların peşəkar təcrübə qazanması və gələcək karyera imkanlarının genişləndirilməsinə dəstək göstərilməsidir.






Redaktorun seçimi