Gənclərin Polis Akademiyasında təhsilə cəlb olunması istiqamətində təbliğat-təşviqat tədbirləri davam etdirilir

Hit: 181
Gənclərin Polis Akademiyasında təhsilə cəlb olunması istiqamətində təbliğat-təşviqat tədbirləri davam etdirilir
“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, Polis Akademiyasının əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində - Gədəbəy, Balakən, Qobustan, Qəbələ, Şabran, Qazax, Şabran, Yardımlı, Tərtər və Siyəzən rayonlarında IX-XI sinif şagirdləri ilə maarifləndirici görüşlər davam etdirilir. 
 
Növbəti görüşlər zamanı gənclərə Polis Akademiyasında təhsil almaq imkanları, ali hüquq təhsilinin üstünlükləri, qəbul prosesi, tədrisin təşkili və Akademiyada yaradılmış müasir təlim şəraiti barədə ətraflı məlumat verilib. Eyni zamanda, daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri, xidmət zamanı gənclər üçün yaradılan imkanlar və dövlət tərəfindən təqdim olunan sosial təminatlar diqqətə çatdırılıb. Maarifləndirmə tədbirlərində şagirdlərə Akademiyada təhsil alan tələbələrin qidalanma, geyim və yataqxana ilə təmin olunması, müasir təhsil texnologiyalarından istifadə, eləcə də peşəkar hüquqşünas və polis əməkdaşı kimi formalaşmaq üçün yaradılan imkanlar barədə məlumat verilib.
 
Görüşlərdə gənclərin sualları cavablandırılıb, onların Polis Akademiyasına və daxili işlər orqanlarında xidmətə dair maraqlandıran məsələlərə aydınlıq gətirilib. Tədbirlər çərçivəsində Akademiyanın fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilib, iştirakçılara maarifləndirici lifletlər təqdim olunub.
 
Tədbirlərdə Polis Akademiyasının əməkdaşları ilə yanaşı, yerli polis orqanlarının nümayəndələri də iştirak edərək, şagirdlərlə fikir mübadiləsi aparıblar. Görüşlər gənclərin hüquq sahəsinə marağının artırılması, onlarda vətənpərvərlik və dövlətə xidmət dəyərlərinin gücləndirilməsi baxımından davamlı şəkildə təşkil olunur. 






Redaktorun seçimi