Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

Hit: 177
Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb
Şəhid Alışanlı Amal Seyfəddin oğlunun Şəhidlər Xiyabanında anım günü ilə əlaqədar tədbir keçirilib.
 
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbirdə öncə şəhidin xatirə guşəsi ziyarət edilərək, önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək səbir arzulayıb, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdiyi qəhrəmanlıq, şücaət və fədakarlıqdan söz açıb. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunacaq və onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.
İlqar Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Şirvan şəhərində də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciət və problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
 
Digər çıxış edənlər Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylikdən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlığından və onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən söz açıblar. 
 
Daha sonra Şəhidlər Xiyabanında dəfn olunan digər şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri qoyulub. 
Qeyd edək ki, şəhid Amal Alışanlı ailəsinin istəyinə uyğun olaraq Yardımlı rayonunun Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib. 
 
Bununla yanaşı, şəhidin Şirvan şəhərində də mütəmadi olaraq ziyarət olunması məqsədilə Şəhidlər Xiyabanının qarşısında xatirə guşəsi yaradılıb.
Şəhid Amal Alışanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.






Redaktorun seçimi