ATU-dan böyük elmi araşdırma: - Qubada xalq təbabətinin 193 bitkisi üzə çıxarıldı
Azərbaycan Tibb Universitetinin (ATU) alimləri qədim xalq təbabəti ənənələrinin müasir elmi yanaşmalar əsasında öyrənilməsi istiqamətində tədqiqatlarını davam etdirirlər. Universitetin Farmakoqnoziya kafedrasının əməkdaşlarının Quba rayonunda apardığı genişmiqyaslı etnobotanik tədqiqatın nəticələri “Scopus” və “Web of Science” bazalarında indeksləşdirilən, Q1 kvartilli Plants jurnalında dərc olunub.
“Traditional Medicinal Plant Knowledge in the Guba District of Azerbaijan: An Ethnobotanical Study” (“Azərbaycanın Quba rayonunda dərman bitkilərinə dair ənənəvi biliklər: etnobotanik tədqiqat”) adlı məqalədə Quba rayonunda yaşayan müxtəlif etnik qrupların xalq təbabətinə dair ənənəvi bilikləri araşdırılıb.
2024–2025-ci illərdə rayonun müxtəlif etnik qruplarının yaşadığı 40 kənddə 260 nəfərin iştirakı ilə aparılan tədqiqat nəticəsində 59 fəsiləyə aid 193 bitki növünün xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edildiyi müəyyənləşdirilib.
Tədqiqat zamanı yerli sakinlərin yabanı bitkilərdən yalnız müalicə məqsədilə deyil, həmçinin qida, ev heyvanları üçün yem, yanacaq, tikinti materialı və bəzək vasitəsi kimi istifadə etdikləri də qeydə alınıb.
Quba rayonunun yabanı dərman bitkiləri və qədim xalq təbabəti ənənələri ilə zəngin olması bu araşdırmanı xüsusi əhəmiyyətli edir. Azərbaycanın zəngin multikultural mühiti, müxtəlif etnik qrupların dillərinə və adət-ənənələrinə hörmətlə yanaşılması onların xalq təbabətinə dair biliklərinin nəsildən-nəslə ötürülərək qorunmasına əlverişli şərait yaradıb.
Araşdırmanın nəticələri gələcək elmi tədqiqatlar üçün də perspektivlər açır. Tədqiqat zamanı müəyyən edilmiş perspektivli bitki növlərinin Farmakoqnoziya kafedrasının doktorant və magistrantlarının elmi işləri çərçivəsində daha ətraflı öyrənilməsi planlaşdırılır.
Məqalənin müəllifləri Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev, dosent Səbinə Əliyeva, assistentlər Günay Cəfərova və Nilufər Səfərova, Dərmanların texnologiyası və idarəçiliyi kafedrasının dosenti Leyla Mansurova, II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova və ABŞ-nin Nyu-York Universitetinin əməkdaşı Elmir Şabayevdir.
Tədqiqat ATU-da elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən işlərin də nümunəsidir. Son illərdə universitetdə elmi araşdırmaların kafedralararası, universitetlərarası və beynəlxalq əməkdaşlıq çərçivəsində aparılmasına, müxtəlif ixtisas və elmi müəssisələrin tədqiqatçılarının birgə layihələrə cəlb olunmasına xüsusi diqqət yetirilir.
Farmakoqnoziya kafedrasının elmi tədqiqatlarına Qarabağ Universiteti, Bakı Dövlət Universiteti və Botanika İnstitutunun, Türkiyənin Gazi, Hacettepe, Atatürk və Lokman Hekim universitetlərinin, həmçinin Rusiya Federasiyasının Eksperimental Biologiya İnstitutunun əməkdaşları tədqiqatçı və həmmüəllif kimi cəlb olunurlar.
Hazırda ATU-nun Farmakoqnoziya kafedrasının əməkdaşları Azərbaycanın müxtəlif bölgələrində etnofarmakoloji və etnobotanik tədqiqatları davam etdirirlər.




































































