Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlüyünə 73 namizəd üçün 2026-cı il oktyabrın 5-də Ədliyyə Akademiyasında icbari təlimlər başlayıb.
Təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri təbrik edərək, bu mərhələnin onların peşəkar formalaşmasında mühüm rol oynadığını bildirib.
Sədr qeyd edib ki, təlim proqramı nəzəri biliklərin möhkəmləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyır.
Anar Bağırov vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv prinsiplər əsasında təşkil edildiyini, yazılı və şifahi imtahan mərhələlərində müvafiq nəzarət mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Təlim iştirakçılarının tərkibinə toxunan sədr diqqətə çatdırıb ki, VK-dan 72, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından isə 1 vəkilliyə namizəd iştirak edir. Bildirilib ki, iştirakçılardan 27-si qadın, 46-sı kişidir. Namizədlərin 90 faizi, yəni 66 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur. Təlim iştirakçılarının 94 faizi (69 nəfər) paytaxtdan, 6 faizi (4 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.
Namizədlər arasında gənclərin və qadınların əhəmiyyətli paya malik olduğunu bildirən Anar Bağırov bunun vəkillik institutunun inkişafı və cavanlaşması baxımından müsbət göstərici olduğunu deyib.


































































