Suraxanı Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli, 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın və “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Sərəncamın icrasına nəzarət üzrə məsul şəxs təyin edilmiş Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılovun rəhbərliyi ilə müşavirə keçirilib.
Müşavirədə rayon icra hakimiyyəti başçısının müavinləri, sektor müdirləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə yerli icra hakimiyyəti orqanlarında idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməsi, dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaş müraciətlərinə baxılması prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri müzakirə olunub. Rəqəmsallaşmanın idarəetmənin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin edilməsi, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Həmçinin, dövlət xidmətlərinin rəqəmsal mühitə keçirilməsi, məlumatların elektron mübadiləsinin genişləndirilməsi, dövlət informasiya ehtiyatlarında mövcud olan sənəd və məlumatların vətəndaşlardan təkrar tələb edilməsinin qarşısının alınması ilə bağlı məsələlər nəzərdən keçirilib. Vətəndaş müraciətlərinin “mygov” üzərindən qəbulu və cavablandırılması, rəqəmsal sənədlərin qəbulunun genişləndirilməsi, əməkdaşların rəqəmsal bacarıqlarının və kiberməlumatlılığının artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Müşavirənin sonunda aidiyyəti şəxslərə vətəndaşların “mygov” tətbiqini yükləmələrinə və platformada qeydiyyatdan keçmələrinə köməklik göstərilməsi, elektron xidmətlərdən istifadə qaydaları barədə məlumatlandırılması, habelə maarifləndirmə və təbliğat tədbirlərinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, Suraxanı rayonunda rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi və bu istiqamətdə işlərin davamlı həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.






































































