Yevlaxda Ulu Öndərin ilk dəfə Prezident seçilməsi ilə əlaqədar tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev: Böyük azərbaycanlı, müdrik tarixi şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, idarə,müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunu və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadlı, Yevlax rayon Gənclər və idman sektorunun müdiri Samir Kərimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, öz çıxışlarında 3 oktyabr 1993-cü il tarixinin Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu bildirərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanmaq və yox olmaq təhlükəsindən xilas edib, bütün sahələrdə, o cümlədən respublikanın iqtisadi və infrastruktur quruculuğunda böyük canlanmanın əsasını qoyub. Çıxışçılar vurğulayıblar ki, Dahi Heydər Əliyevin zəngin irsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Eyni zamanda qeyd edilib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət gələcəyimiz olan gənc nəslin savadlı, vətənpərvər ruhda yetişməsinə xidmət edir.
Tədbirin bədii hissəsində VIII Muğam Müsabiqəsinin laureatı, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Sabir Hüseynovun ifasında səsləndirilən milli musiqi nümunələri iştirakçılara xoş ovqat bəxş edib. Rayonun mədəniyyət işçilərinin təqdimatında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və Vətənə həsr olunmuş kompozisiyalar və şeirlər nümayiş etdirilib.




































































