ATU-nun həmtəşkilatçılığı ilə “Neyroradiologiyada Süni İntellekt – Görüntüdən Zəkaya” adlı seminar keçiriləcək
Azərbaycan Tibb Universitetinin (ATU) həmtəşkilatçılığı ilə “Neyroradiologiyada Süni İntellekt – Görüntüdən Zəkaya” adlı elmi seminar keçiriləcək.
ATU, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi və Başkent Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir 17 oktyabr 2026-cı il tarixində, saat 10:00–16:00 arasında DTX Hərbi Tibb Baş İdarəsinin Hospitalında baş tutacaq.
Seminarın proqramında süni intellektin neyroradiologiya və ümumilikdə tibbdə tətbiq imkanları, müasir görüntüləmə üsulları və məlumat analitikası ətrafında maraqlı və aktual mövzular müzakirə olunacaq.
Tədbirdə beyin şişlərinin görüntülənməsi üsulları, radiologiyada süni intellektin ən çox müzakirə olunan suallarından biri -“ Süni intellekt radioloqu əvəz edəcəkmi?”- mövzularına toxunulacaq və süni intellektin yaratdığı imkanlar, üstünlüklər və mövcud məhdudiyyətlər nəzərdən keçiriləcək. Bundan əlavə, müxtəlif neyrogen patologiyalarının radioloji qiymətləndirilməsində süni intellektin rolu, həmçinin solid orqan transplantasiyasından sonra mərkəzi sinir sistemi fəsadlarının görüntülənməsi müzakirə ediləcək.
Proqramda ATU-nun yeni yaradılmış Data analitika və Süni intellekt laboratoriyasında bu istiqamətdə aparılmış tədqiqatlar da yer alacaq.
Tədbirin əsas məqsədi süni intellektin neyroradiologiyada diaqnostik proseslərə təsirini, yaratdığı yeni imkanları və insan–süni intellekt əməkdaşlığının gələcək perspektivlərini elmi-praktik müstəvidə nəzərdən keçirməkdir.



































































