Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində “İdarəetmədə innovasiya forumu: dayanıqlı və gələcəyə hazır Karib hövzəsi üçün insanların iştirakına əsaslanan və inklüziv dövlət idarəçiliyi” adlı beynəlxalq tədbir keçirilib.
Forum Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Latın Amerikası və Karib Hövzəsi üzrə İqtisadi Komissiyanın (ECLAC), Karib Hövzəsi Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin (CARICAD) və Latın Amerikası Dövlət İdarəçiliyinin İnkişafı Mərkəzinin (CLAD) tərəfdaşlığı ilə təşkil olunub.
Tədbir 2024-cü ilin 11 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində baş tutub.
Forumda Karib hövzəsi ölkələrinin dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində məsul nazirləri, dövlət qurumlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, eləcə də BMT-nin və digər beynəlxalq təşkilatların rəsmiləri daxil olmaqla, ümumilikdə 100-ə yaxın nümayəndə iştirak edib.
Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət xidmətlərinin vətəndaşların ehtiyacları əsasında təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. O, innovasiyanın yalnız yeni texnologiyalar və rəqəmsal platformalarla məhdudlaşmadığını, eyni zamanda daha güclü institutların, çevik idarəetmənin və insan yönümlü dövlət xidmətlərinin formalaşdırılmasının zəruriliyini qeyd edib. Həmçinin çoxşaxəli xidmət göstərilməsi prosesinin inkişafının əhəmiyyəti vurğulanıb, Azərbaycanın “ASAN xidmət” təcrübəsini Karib hövzəsi ölkələri ilə əməkdaşlıq çərçivəsində paylaşmasına hazır olduğu diqqətə çatdırılıb.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” təcrübəsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş təqdimat edib.
Forum çərçivəsində Barbadosun dövlət xidmətləri naziri və Yamaykanın Maliyyə və Dövlət Xidmətləri Nazirliyinin dövlət naziri ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin müvafiq ölkələrlə paylaşılması istiqamətində fikir mübadiləsi aparılıb.
Növbəti günlərdə qlobal və regional təcrübələrin təqdimatı, dövlət xidmətlərinin göstərilməsində mövcud boşluqların qiymətləndirilməsi və milli fəaliyyət planlarının hazırlanması ilə bağlı müzakirələr nəzərdə tutulur.





































































