Vətən müharibəsi şəhidi Rüstəm Hacıyevin anım günü qeyd olunub

Hit: 181
Vətən müharibəsi şəhidi Rüstəm Hacıyevin anım günü qeyd olunub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Rüfət Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri və qazilərlə birlikdə rayonun Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Hacıyev Rüstəm  Firqani oğlunun anım mərasimində iştirak edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.
 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
 
İcra başçısı bildirib ki, şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
 
Sonra Rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edib. 
 
Tədbirdə Qazyan kənd tam orta məktəbinin şagirdləri çıxış edərək şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
 
Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur.
 
Azərbaycan Ordusunun əsgəri olan Hacıyev Rüstəm 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hacıyev Rüstəm sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rüstəm Hacıyev ölümündən sonra “2-ci dərəcəli Vətənə Xidmətə görə“ ordeni, “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
 
 Anım mərasimində iştirak edənlər onun keçdiyi döyüş yoluna nəzər salaraq,bir daha şəhid haqqında xatirələrini bölüşüb,onun qısa,ancaq şərəfli ömür yolunun gənclərə örnək olduğunu vurğulayıblar.
 
Sonra şəhidin adına açılmış ehsan süfrəsində iştirak ediblər.






Redaktorun seçimi