Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Namanqan Dövlət Texniki Universitetinin akademik əməkdaşlığı çərçivəsində tərəfdaş universitetin professor-müəllim heyəti AzTU-ya səfər edib.
Bir ay davam edəcək təcrübə proqramında Namanqan Dövlət Texniki Universitetinin mexanika, nəqliyyat və energetika mühəndisliyi sahələri üzrə akademik heyəti iştirak edir.
Səfər müddətində qonaqlar AzTU-nun müvafiq kafedralarının fəaliyyəti, tədris prosesinin təşkili, elmi-tədqiqat infrastrukturu və müasir tədris metodları ilə yaxından tanış olacaqlar. Eyni zamanda, universitetin professor-müəllim heyəti ilə təcrübə mübadiləsi aparılacaq, mühəndislik sahələri üzrə birgə tədqiqatların həyata keçirilməsi və elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.
Səfər iki universitet arasında mövcud akademik əlaqələrin inkişafına, professor-müəllim heyətinin peşəkar təcrübəsinin artırılmasına və birgə elmi fəaliyyətin təşviqinə xidmət edir.





























































