BMU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil olunub.
Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra çıxış edən kafedranın müdiri Hümeyrə Mustafayeva Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan xalqı və Ordusu ərazi bütövlüyünün bərpası uğrunda vahid amal ətrafında birləşib. Kafedra müdiri 44 günlük müharibənin Azərbaycan tarixində yeni səhifə açdığını, şəhidlərin qəhrəmanlığının və qazilərin göstərdiyi şücaətin gənc nəsil üçün Vətən sevgisi və fədakarlıq nümunəsi olduğunu vurğulayıb.
Daha sonra BMU məzunu və hazırda universitetin Memarlıq və inşaat fakültəsində çalışan şəhid Osman Manafovun həyat yoldaşı Aysel Manafova çıxış edib. O, 27 Sentyabrın xalqımızın həyatında dönüş nöqtəsi olan Vətən müharibəsinin başladığı gün kimi tarixə düşdüyünü bildirib. A. Manafova şəhid Osman Manafovun Vətən qarşısındakı xidmətindən və döyüş yolundan söz açaraq, onun timsalında bütün şəhidlərin xatirəsinin ailələri və xalqımız üçün əziz olduğunu deyib.
“Nəqliyyatda servis” ixtisasının II kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Kənan Tinayev Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaşadığı hadisələrdən danışıb. O, döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıqdan və Vətən uğrunda şəhid olan silahdaşlarının son anlarından söz açaraq həmin günlərin hər bir iştirakçının yaddaşında dərin iz buraxdığını bildirib.
Tədbirdə çıxış edən kafedranın dosenti Xaqan Balayev, baş müəllimlər Elnur Nəciyev və Yalçın Zeynalov, müəllim Teyyubə Hüseynova Vətən müharibəsinin Azərbaycanın müasir tarixində yaratdığı dönüşdən bəhs ediblər. Çıxışlarda 44 günlük müharibənin regionda yeni reallıqlar formalaşdırdığı, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndiyi diqqətə çatdırılıb. Həmçinin Ermənistanın işğalçılıq siyasəti dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılar, tarixi, dini və mədəni abidələrə qarşı vandalizm aktları barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının tarixi-mədəni irsinə vurulmuş zərərin miqyası işğal dövrünün ağır nəticələrini bir daha nümayiş etdirir.
Tədbirdə Teyyubə Hüseynovanın Vətən müharibəsi və şəhidlər haqqında yazdığı kitablar da təqdim olunub. Şəhidlərin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının, onların qəhrəmanlıqları haqqında kitab və hekayələrin yazılmasının, xatirələrinin əbədiləşdirilməsinin mühüm mənəvi borc olduğu vurğulanıb.





























































