Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Yuxarı Qaramanlı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Vətən müharibəsində Dövlət -Xalq-Ordu birliyi qələbəmizin əsas güc mənbəyi oldu” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyini, dövlətçilik iradəsini və ordumuzun gücünü nümayiş etdirən tarixi hadisə kimi xalqımızın yaddaşında xüsusi yer tutur. 44 gün davam edən Vətən müharibəsində əldə olunan Zəfərin əsas amillərindən biri Dövlət–Xalq–Ordu birliyi oldu. Müharibənin ilk günlərindən etibarən Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə dövlətin ətrafında sıx birləşərək ordumuza güclü mənəvi və ictimai dəstək göstərdi. Cəmiyyətin bütün təbəqələrinin nümayiş etdirdiyi həmrəylik, milli birlik və yüksək vətənpərvərlik ruhu Azərbaycan Ordusunun döyüş əzmini daha da gücləndirdi. Hərbiçilərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs irsi və qazilərimizin fədakarlığı bu tarixi Qələbənin ən mühüm səhifələrini təşkil etdi.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan xalqının tarixində əbədi iz qoyan Vətən müharibəsi və 44 günlük Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri Azərbaycan dövlətinin siyasi iradəsi, xalqımızın milli həmrəyliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə formalaşan Dövlət–Xalq–Ordu birliyi olub. Müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməllərinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra nizami ordu quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, milli birlik və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın gələcək Zəfərinin mühüm əsaslarını formalaşdırdı. Prezident cənab İlham Əliyev də dəfələrlə qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb.
RİH-nin başçı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xətdi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilərək Azərbaycanın iqtisadi, hərbi və siyasi potensialının gücləndirilməsi, Ordunun müasir standartlar əsasında inkişaf etdirilməsi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi ilə nəticələndi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan xalqı və Ordusu vahid məqsəd ətrafında birləşərək 44 gün ərzində tarixi Zəfərə imza atdı. Prezident cənab İlham Əliyevin 2023-cü ildə Xankəndidə çıxışı zamanı ifadə etdiyi kimi, “Qarabağ–Ordu–Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.” Bu birlik Vətən müharibəsi ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması prosesində də mühüm milli həmrəylik amili kimi özünü göstərib.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən elektrik təsərrüfatının yenilənməsi, sertifikatlı toxumun əldə olunması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.





























































