ATU-da yeni tədris ilinin ilk startap tədbiri keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris ilinin ilk startap tədbiri keçirilib.
Tədbirin əsas məqsədi tələbələri startap ekosistemi, innovativ ideyaların formalaşdırılması və tibbi sahədə yeni layihələrin yaradılması imkanları barədə məlumatlandırmaq, onları sahibkarlıq və innovasiya fəaliyyətinə təşviq etmək olub.
Görüşdə UP Medical MMC-nin təsisçi-direktoru, IPMA B səviyyəli layihə meneceri Elnur Əliyev tələbələrlə görüşərək startap anlayışı, tibbi sahədə startapların inkişaf perspektivləri və startapların formalaşmasında düzgün sual verməyin əhəmiyyəti barədə ətraflı məlumat verib.
İnteraktiv formatda keçirilən görüş zamanı tələbələr mövzu ilə bağlı suallarını ünvanlayıb, fikir və təcrübə mübadiləsində iştirak ediblər. Qarşılıqlı müzakirələr tələbələrin startap və innovasiya sahəsinə marağının artırılmasına, yeni ideyaların formalaşmasına və onların həyata keçirilməsi imkanlarının müzakirəsinə şərait yaradıb.
ATU Startap çərçivəsində qarşıdakı dövrdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi, faydalı görüşlərin keçirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.





























































