“UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib.
ADNSU-nun ev sahibliyi və təşkilatçılığı, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən beynəlxalq tədbirin məqsədi ali təhsil müəssisələrinin ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi, iqlim fəaliyyəti və dayanıqlı inkişaf istiqamətlərində əldə etdiyi nailiyyətləri qeyd etmək, 2026-cı il üzrə qlobal reytinq nəticələrini elan etmək və təcrübə mübadiləsi aparmaqdır. Tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, beynəlxalq ekspertlər, siyasətçilər və tədqiqatçılar, eləcə də yerli ali təhsil müəssisələrinin rəhbərləri və elm adamları iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin ADNSU-dakı büstünün ziyarəti ilə başlayıb. Daha sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək universitetdə dayanıqlılığın prioritet istiqamətlərdən biri olduğunu, ekoloji göstəricilərin yaxşılaşdırılması, yaşıl prinsiplərin təhsil və tədqiqatlara inteqrasiyası istiqamətində ardıcıl işlərin aparıldığını bildirib. O, universitetlərin əməkdaşlıq və bilik mübadiləsi vasitəsilə qlobal ekoloji çağırışların həllinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verə biləcəyini vurğulayıb.
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli və ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin çıxışlarında ali təhsil, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində həyata keçirilən tədbirlər, universitetlərin bu istiqamətdə üzərinə düşən vəzifələr və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxışında ali təhsil müəssisələrinin dayanıqlı inkişafın təşviqində roluna, ekoloji yanaşmaların təhsil və elmi fəaliyyətə inteqrasiyasının əhəmiyyətinə diqqət çəkib.
İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Berlian Helmy , UI GreenMetric Təşkilat Komitəsinin sədri Vishnu Juwono və IREG Akademik Reytinq və Mükəmməllik Müşahidə Mərkəzinin prezidenti Waldemar Swinski çıxışlarında isə dayanıqlı universitetlərin inkişafında beynəlxalq əməkdaşlığın, qabaqcıl təcrübələrin bölüşülməsinin və daha yaşıl kampusların formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar. UI GreenMetric-in 2010-cu ildə 35 ölkədən 95 universitetlə başladığı, 2025-ci il reytinqində isə 105 ölkədən 1745 universiteti əhatə etdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nin I günündə bir konfrans, 5 panel sessiya, 2 vorkşop keçirilib, həmçinin ayrı-ayrı ali təhsil müəssisələrinin əməkdaşlığı istiqamətində yeni müqavilələr imzalanıb. Tədbir sentyabrın 25-dək davam edəcək.





























































