AzTU Türk Dünyası Ali Təhsil Sistemində Ortaqlıq Sertifikat Proqramında təmsil olunub

Hit: 165
AzTU Türk Dünyası Ali Təhsil Sistemində Ortaqlıq Sertifikat Proqramında təmsil olunub
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin (YTB) təşkilatçılığı ilə Türk Dünyası Ali Təhsil Sistemində Ortaqlıq Sertifikat Proqramı keçirilib.
 
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın ali təhsil müəssisələrinin, elm və təhsil qurumlarının rəhbər şəxsləri və sahə üzrə mütəxəssislərin iştirak etdiyi proqramda Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əməkdaşlıq və mübadilə sektorunun müdiri Mənzər Məmmədli təmsil edib.
 
Beynəlxalq proqramın açılışında iştirakçı ölkələrin səfirləri və təhsil müşavirləri də iştirak ediblər. Beş istiqamət üzrə təşkil olunan proqramda ali təhsil siyasəti və strategiyaları, keyfiyyət təminatı və akkreditasiya, rəqəmsal transformasiya və süni intellekt, beynəlmiləlləşmə və birgə proqramlar, eləcə də ali təhsildə gələcək trendlər və siyasətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Proqram çərçivəsində Ali Təhsil Şurası (YÖK), Hacettepe Universiteti və TRT Avaz da ziyarət olunub.
 
İştirakçı ölkələrin ali təhsil sistemlərinin müqayisəli təhlilinə imkan yaradan proqram həm Türk dünyası ölkələrinin ali təhsil müəssisələrinin institusional potensialının gücləndirilməsinə, həm də onlar arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verib.
 
Proqramın yekununda iştirakçılara YTB rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.






Redaktorun seçimi