“20 sentyabr – Dövlət Suverenliyi Günü: Müstəqilliyimizin və tam suverenliyimizin zəfər salnaməsi”
Dövlət Suverenliyi Günü ilə əlaqədar Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “20 sentyabr – Dövlət Suverenliyi Günü: Müstəqilliyimizin və tam suverenliyimizin zəfər salnaməsi” adlı tədbir keçirilib.
Tədbir Hacıqabul Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə qazilər, müharibə iştirakçıları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələsgərov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Xanım İsmayıl, V.Quliyev adına 6 nömrəli tam orta məktəbin psixoloqu, müharibə iştirakçısı Salman Mirzəzadə və Antiterror əməliyyatı şəhidlərinin anaları çıxış ediblər.
Çıxışlarda 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Vətən uğrunda şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.
Tədbirin keçirilməsində məqsəd Dövlət Suverenliyi Gününün əhəmiyyətinin ictimaiyyətə çatdırılması, dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliği, şəhidlərin əziz xatirəsinin yad edilməsi və gənc nəslin milli-mənəvi ruhda maarifləndirilməsi olub.































































