YAP İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolu, Azərbaycanın davamlı inkişafı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası barədə fikirlər səsləndirilib.
Həmçinin İsmayıllı rayonunda fəaliyyət göstərən ərazi partiya təşkilatlarının sədrləri Vidadi Rəhimov, Xuraman Qurbanova, Hafiz Kərimov və Oleq Radayev çıxış edərək fəaliyyət istiqamətləri barədə danışıblar.
Konfransda YAP İsmayıllı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və partiyanın VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.





























































