Neftçalada "Sülh aylığı" çərçivəsində "Sülhün qorunmasında cəmiyyətin rolu" mövzusunda maarifləndirmə tədbiri keçirilib
21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixləri ölkəmizdə "Sülh Aylığı" elan edilmiş və bununla bağlı ictimaiyyətə müraciət ünvanlanmışdır.
Bu təşəbbüs çərçivəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində "Sülhün qorunmasında cəmiyyətin rolu" mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul şəxsləri, müəllimlər, məktəblilər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar sülhün və insan hüquqlarının bir-biri ilə sıx bağlı olduğunu, dayanıqlı sülhün təmin edilməsində hər bir vətəndaşın və cəmiyyət üzvünün üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıblar. Natiqlər cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə gənc nəslin sülhpərvərlik və insan hüquqlarına hörmət ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi sülh mədəniyyətinin təbliği və insan hüquqlarının effektiv müdafiəsinə dəyərli töhfə verir.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.































































