Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Dördlər və Ballıcallı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Dövlət suverenliyi xalqımızın milli sərvətidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Dövlət suverenliyi hər bir xalqın milli varlığının, müstəqil dövlətçilik ənənələrinin və gələcək inkişafının əsas təminatlarından biridir. Azərbaycan xalqı üçün dövlət suverenliyi böyük tarixi əhəmiyyət daşıyan milli sərvət olmaqla yanaşı, gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi xalqımızın tarix boyu formalaşmış dövlətçilik iradəsinin mühüm nəticəsidir. Suveren dövlət kimi Azərbaycan öz milli maraqlarını qorumaq, ərazi bütövlüyünü və dövlət sərhədlərini təmin etmək, siyasi, iqtisadi və sosial inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirmək imkanına malikdir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Dövlət suverenliyi xalqımızın tarix boyu formalaşıb milli iradəsinin, dövlətçilik ənənələrinin və müstəqillik əzminin ən ali ifadəsidir. Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətçiliyinin müasir tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Onun siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, hüquqi dövlət və güclü dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik konsepsiyası Azərbaycanın sonrakı inkişafı üçün möhkəm siyasi və institusional əsas yaradıb.
RİH-nin başçısı bildirib ki, bu siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilərək yeni mərhələdə daha da inkişaf etdirilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsi, ölkənin müdafiə və təhlükəsizlik imkanlarının artırılması, iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq münasibətlər sistemində mövqelərinin inkişaf etdirilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Dövlət suverenliyi yalnız ərazi bütövlüyünün təmin edilməsi deyil, həm də xalqın öz siyasi, iqtisadi və sosial gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnun qorunması deməkdir. Bu baxımdan suverenlik Azərbaycanın milli sərvəti olmaqla yanaşı, gələcək nəsillərə ötürülməli olan mühüm dövlətçilik dəyəridir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən elektrik təsərrüfatının yenilənməsi, lazer mala təminatı, suvarma suyu, Astanlı nasos stansiyasına əlavə nasos aqreqatının quraşdırılması, kanalların lildən təmizlənməsi, traktor almaq üçün kredit təşkilatlarına müraciət olunmasında köməklik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.






























































