“Yaşıl Top” sosial layihəsinə start verilib
AFFA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib. Layihənin ilk tədbiri “SABIS SUN” beynəlxalq məktəbində təşkil olunub.
Tədbirdə Milli Məclisin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AFFA-nın, “SABIS SUN” beynəlxalq məktəbinin və “Təmiz Şəhər” ASC-nin nümayəndələri, eləcə də layihənin ekoloji səfiri iştirak ediblər. Şagirdlərə tullantıların düzgün idarə olunması, meşələrin bərpası və dayanıqlı həyat tərzi ilə bağlı məlumat verilib, ətraf mühitin qorunmasına və ekoloji dayanıqlılığa töhfə verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda məktəbə təkrar emal edilmiş materiallardan hazırlanmış simvolik “Yaşıl Top” hədiyyə olunub və şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, “Yaşıl Top” sosial layihəsi futbolun sosial təsir və birləşdirici gücündən istifadə etməklə uşaqlar və futbol ictimaiyyəti arasında ekoloji dəyərlərin təşviqinə yönəlib. Ümumilikdə 10 məktəbdə maarifləndirici tədbirlərin keçirilməsi, tədris ilinin sonunda isə məktəblər arasında ekoloji futbol turnirinin təşkili nəzərdə tutulur. Layihə çərçivəsində uşaqların həm idmana, həm də ətraf mühitin qorunmasına marağının artırılması hədəflənir.































































