“Lider Məktəb – Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsinin II modulu keçirilib - FOTOLAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Lider Məktəb – Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsi çərçivəsində növbəti təlim – II modul keçirilib.
Layihənin ikinci modulu “İnsan resurslarının idarəolunması və müasir liderlik” mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara insan resurslarının effektiv idarə olunması, komanda quruculuğu, əməkdaşların motivasiyası, liderlik yanaşmaları və təhsil müəssisələrində sağlam iş mühitinin formalaşdırılması ilə bağlı ətraflı məlumat verilib.
Modul çərçivəsində müasir təhsil rəhbərinin lider kimi rolu, effektiv kommunikasiya, komanda üzvlərinin potensialının üzə çıxarılması və düzgün idarəetmə qərarlarının qəbul edilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb. Praktiki nümunələr və interaktiv fəaliyyətlər vasitəsilə iştirakçıların mövzu üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, təlimlər hibrid formatda keçirilir. Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarından seçilmiş 35 nəfər iştirakçı təlimlərə qoşulur və regionlardan olan iştirakçılar prosesdə onlayn formatda iştirak edirlər. Bu yanaşma iştirakçılar arasında təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə, vahid öyrənmə mühitinin formalaşdırılmasına imkan yaradır.
“Lider Məktəb – Gələcəyin Təhsil Rəhbərləri üçün İnkişaf Akademiyası” layihəsinin əsas məqsədi gələcəyin təhsil rəhbərlərinin peşəkar və liderlik bacarıqlarının inkişafına töhfə vermək, təhsil idarəçiliyində innovativ düşüncəyə malik kadr potensialının formalaşdırılmasını dəstəkləməkdir.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində icra olunur.


























































