Neftçalanın icra başçısı səyyar qəbul keçirib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Birinci Qaralı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Millətin gələcəyi təhsildən başlayır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın dövlətçilik tarixində təhsilə və insan kapitalının inkişafına hər zaman xüsusi əhəmiyyət verilib. Bu istiqamətdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün də uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev təhsili Azərbaycanın gələcəyinin əsas təminatlarından biri hesab edir, gənc nəslin yüksək bilik və savada yiyələnməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirdi. Bu strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil infrastrukturunun yenilənməsi, müasir məktəblərin inşası, təhsilin keyfiyyətinin artırılması, müəllimlərin sosial və peşəkar inkişafının dəstəklənməsi, eləcə də gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev təhsili cəmiyyətin tərəqqisinin və dövlətin gələcək inkişafının əsas amillərindən biri hesab edirdi. Ulu Öndərin rəhbərliyi dövründə təhsilin inkişafı, gənclərin savadlı və vətənpərvər ruhda yetişdirilməsi, yüksəkixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kimi ifadə etdiyi fundamental yanaşma bu gün də Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
RİH-nin başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi xətti bu gün Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində təhsil infrastrukturunun yenilənməsi, müasir məktəblərin və təhsil müəssisələrinin yaradılması, rəqəmsal texnologiyaların tədris prosesinə tətbiqi, müəllimlərin sosial rifahının yaxşılaşdırılması və gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan kapitalının inkişafı, yüksək intellektual potensiala malik gənc nəslin yetişdirilməsi və Azərbaycanın rəqabətqabiliyyətli dövlət kimi inkişafının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir dövrün çağırışlarına cavab verən savadlı, yaradıcı və innovativ düşüncəli gənclərin formalaşdırılması ölkənin gələcəyinə qoyulan ən mühüm sərmayələrdən biridir.
RİH-nin başçısı qeyd edib ki, təhsil və humanitar sahələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü və dəstəyi ilə təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə çoxsaylı layihələr həyata keçirilərək insanların, xüsusilə uşaqların və gənclərin həyat şəraitinin və inkişaf imkanlarının yaxşılaşdırılmasına mühüm töhfələr verilib. Mehriban xanım Əliyevanın təşəbbüsləri çərçivəsində məktəblərin və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlar üçün daha əlverişli təhsil mühitinin yaradılması, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və gənc nəslin hərtərəfli inkişafına dəstək istiqamətində mühüm işlər görülüb.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Neftçala-Salyan magistral avtomobil yolunun yenidən bərpası, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolun təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.




























































