AQTA-nın rəsmi saytında yeni bölmə yaradılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində sertifikat və şəhadətnamələrin həqiqiliyinin elektron qaydada yoxlanılmasına imkan verən “Sertifikatın yoxlanılması” adlı bölmə istifadəyə verilib.
Yeni funksional imkan vasitəsilə sahibkarlar və digər maraqlı şəxslər sertifikatın həqiqiliyini əlavə müraciətə ehtiyac olmadan onlayn qaydada yoxlaya bilərlər. Bunun üçün sertifikatın seriyası və nömrəsi, növü (modul) və verilmə tarixi müvafiq bölmələrə daxil edilərək “Yoxla və Axtar” düyməsi seçilir. Sorğu əsasında sistemdə müvafiq sertifikat aşkar edilmədikdə bu barədə məlumat təqdim olunur. Sertifikat sistemdə mövcud olduqda isə onun həqiqiliyi təsdiqlənir və sertifikata aid sənəd və elektron fayllara çıxış imkanı yaradılır. Eyni zamanda, sistemdə müxtəlif dillərdə formalaşdırılmış sertifikatların müvafiq dil versiyaları da axtarış nəticəsində əks olunur.
Yeni xidmət sertifikatların operativ və şəffaf şəkildə yoxlanılmasına, elektron sənədlərə əlçatanlığın artırılmasına və yoxlama prosesinin daha rahat həyata keçirilməsinə imkan yaradır.


































































