Rəqəmsallaşma və süni intellekt alətlərinin tətbiqi istiqamətində işlər görülür - Ədliyyə Nazirliyi
Ədliyyə Nazirliyi hüquqi xidmətlərin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirdiyi layihələri açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində işlər görülür.
Qeyd edilib ki, cari il ərzində Ədliyyə Nazirliyi tərəfindən məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib. Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiq edilən yeni xidmətin mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində tətbiqi nəzərdə tutulur.
Ədliyyə Nazirliyinin müxtəlif həyat hadisələri üzrə 5, notariat fəaliyyəti ilə bağlı 8 xidməti, eləcə də tərcümə və fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim edilməsi xidmətləri ötən dövr ərzində "mygov" platformasına inteqrasiya olunub. Cari il ərzində digər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair xidmətlərin “mygov” platforması vasitəsilə təqdim olunması davam etdirilir.
Bununla yanaşı, Ədliyyə Nazirliyində daxili proseslərin rəqəmsallaşdırılması və süni intellekt alətlərinin tətbiqi istiqamətində işlər görülür. Hazırda nazirliyə daxil olan vətəndaş müraciətlərinin və sənədlərin süni intellekt elementləri tətbiq olunmaqla cavablandırılması, əlaqəli sənədlərin avtomatik müəyyən olunmasının təşkili üzrə tədbirlər görülməkdədir.





























































