Dövlət Komitəsində Layihə İdarəetmə Ofisinin iclası keçirildi

Hit: 156
Dövlət Komitəsində Layihə İdarəetmə Ofisinin iclası keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəqəmsal inkişaf və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrin əlaqələndirilməsi, icra prosesinin səmərəli təşkili və müəyyən edilmiş hədəflərə nail olunması məqsədilə yaradılmış Layihə İdarəetmə Ofisinin 9 sentyabr 2026-cı il tarixində iclası keçirilib.
 
İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini, Layihə İdarəetmə Ofisinin rəhbəri Aynur Sofiyeva rəqəmsal transformasiyanın müasir dövlət idarəçiliyinin inkişafını müəyyən edən əsas strateji istiqamətlərdən biri olduğunu bildirib. Qeyd edilib ki, dünyada texnoloji inkişafın sürətlənməsi, süni intellekt, avtomatlaşdırılmış sistemlər, rəqəmsal platformalar və yeni nəsil elektron xidmətlərin geniş tətbiqi dövlət idarəçiliyinin təşkilinə və həyata keçirilməsinə yeni yanaşmalar formalaşdırır.
 
O diqqətə çatdırıb ki, rəqəmsal transformasiya yalnız mövcud proseslərin elektronlaşdırılması ilə məhdudlaşmır. Bu istiqamət idarəetmə mexanizmlərinin yenidən qurulmasını, iş proseslərinin optimallaşdırılmasını, məlumatların vahid və sistemli şəkildə idarə olunmasını, qərar qəbuletmə proseslərində məlumat əsaslı yanaşmaların tətbiqini, xidmətlərin əlçatanlığının artırılmasını və institusional səmərəliliyin yüksəldilməsini nəzərdə tutur.
 
Aynur Sofiyeva qeyd edib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, süni intellektin tətbiqi, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyub.
 
Bu çərçivədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəqəmsal transformasiya proseslərinin sistemli və mərhələli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Rəqəmsallaşma üzrə Yol Xəritəsi” hazırlanıb.
 
Yol Xəritəsinin əsas məqsədi Dövlət Komitəsinin fəaliyyətində rəqəmsallaşma proseslərinin ayrı-ayrı layihələr formasında deyil, vahid strateji yanaşma əsasında həyata keçirilməsini təmin etməkdir. Bu baxımdan sənəddə nəzərdə tutulan tədbirlərin qarşılıqlı əlaqələndirilməsi, icra müddətlərinin müəyyənləşdirilməsi, məsul struktur bölmələrin fəaliyyətinin koordinasiyası və əldə olunan nəticələrin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
 
İclasda Yol Xəritəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə görülmüş işlər və növbəti mərhələdə həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumatlar təqdim olunub. Eyni zamanda ayrı-ayrı layihələrin icra vəziyyəti, qarşıya çıxan məsələlər, layihələrin icra müddətləri, gözlənilən nəticələr və aidiyyəti struktur bölmələr arasında koordinasiya məsələləri müzakirə edilib.






Redaktorun seçimi