ADAU ilə “Absheron Olive Gardens” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Hit: 160
ADAU ilə “Absheron Olive Gardens” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
“Absheron Olive Gardens” MMC-nin rəhbərliyi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
 
Qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov aqrar sektorun inkişafında ali təhsil müəssisələri ilə özəl sektor arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirib ki, müasir kənd təsərrüfatının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması, elmi-tədqiqatların istehsalatla əlaqələndirilməsi və innovativ yanaşmaların tətbiqi universitetin əsas prioritetlərindəndir.
 
Rektor qeyd edib ki, 2026–2030-cu illər üzrə kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi ölkədə kənd təsərrüfatının inkişafına cənab Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək diqqətin və dövlət siyasətinin ardıcıl şəkildə davam etdirilməsinin bariz nümunəsidir.
 
Zəfər Qurbanov gənclərin aqrar sahəyə artan marağından da söhbət açaraq diqqətə çatdırıb ki, cari il ADAU-ya tələbə qəbulu 100 faiz təşkil edib. Bu göstəricinin aqrar təhsilə və ümumilikdə kənd təsərrüfatı ixtisaslarına marağın artdığını nümayiş etdirdiyini vurğulayıb.
 
“Absheron Olive Gardens” MMC-nin direktoru Əli Sadıqzadə şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və aqrar sahədə tətbiq olunan müasir yanaşmalar barədə məlumat verib. O, Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın şirkət üçün əhəmiyyətli olduğunu vurğulayaraq, birgə layihələrin həyata keçirilməsi, tələbə və məzunların praktiki bilik və bacarıqlarının artırılması, eləcə də elmi-tədqiqat və innovasiya istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
 
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aqrar təhsil, elmi-tədqiqat və istehsalat arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
 
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Absheron Olive Gardens” MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.






Redaktorun seçimi