YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib - FOTOLAR
9 sentyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat Şöbəsinin baş məsləhətçisi Əli Axundov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və qonaqlar ilk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək rayon təşkilatının fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası barədə məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib. Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ətraflı danışaraq bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz misilsiz nailiyyətlər əldə edib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası keçdiyi 30 ildən artıq şərəfli yolda xalqımıza və dövlətimizə sədaqətlə xidmət edərək ölkəmizin aparıcı siyasi qüvvəsinə çevrilib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətlərinin danılmaz olduğunu vurğulayan RİH başçısı partiyanın fəaliyyətinin cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Mirhəsən Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlərdən, regional inkişaf proqramlarının Neftçalada uğurla icra edilməsindən bəhs edib. O qeyd edib ki, ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində geniş abadlıq-quruculuq işləri aparılır, yaşayış məntəqələrinin modernləşdirilməsi istiqamətində yeni layihələr reallaşdırılır. İcra başçısı, həmçinin agrar sahədə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramından irəli gələn vəzifələrin icrasının Neftçalanın yeni inkişaf perspektivləri üçün əsas hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb. Həmçinin, partiya fəallarının bu istiqamətdə görülən işlərə mühüm töhfə verdiklərini diqqətə çatdırıb. Vurğulanıb ki, YAP Neftçala rayon təşkilatı regionun ictimai-siyasi həyatında, gənclərin və qadınların fəallığının artırılmasında, eləcə də şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsində yaxından iştirak edir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini bildirib. O, həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatı olduğunu deyib. H.Babaoğlu qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır və onun ətrafında sıx birləşdiyini nümayiş etdirir.
Konfransda çıxış edənlər - partiya veteranı Valeh Tağıyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, Neftçala şəhər -1 ərazi partiya təşkilatının sədri Vasif Əliyev, Neftçala-Gündoğar qəzetinin redaktoru Bədirə Nifatliyeva Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rolunu, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov partiyanın Neftçala rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatlarında işin səmərəli təşkili və partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb. O, rayon təşkilatının qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirdiyi işlərdən danışaraq, əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib.
Konfransda YAP Neftçala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


































































