Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, AHİK-in Aparat rəhbəri Ayaz Əliyev, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, habelə hər üç qurumdan əməkdaşlar iştirak ediblər.
Ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni mühüm addımlardan bəhs olunub. Aparılan sosial islahatlar prosesində, yeni qanunvericilik layihələrinin, əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair təkliflərin hazırlanmasında, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyasında sosial tərəfdaşlıq müstəvisində aparılan birgə işlərin əhəmiyyəti qeyd edilib.
İclasda “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün önəmi vurğulanıb, onların bu layihədə iştirakının təşviq edilməsi, BƏT-in 2006-cı il tarixli “Dənizdə əməyə dair” Konvensiyasının ratifikasiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması istiqamətində birgə nəzarət mexanizmləri ilə bağlı məsələlər müzakirə edilib.
Həmçinin, 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişə uyğun olaraq Üçtərəfli Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsinə, gənclərin əmək bazarına inteqrasiya imkanlarının genişləndirilməsi istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.

































































