Qarabağa ad yazmağa yox, qəhrəmanlarımızın yazdığı tarixi yaşatmağa gedək - Şuşa döyüşçüsü
Qarabağ adı özü bir tarixdir. Bu torpağın hər qarışında şəhidlərimizin qanı, qazilərimizin izi və Vətən sevgisi var. Qarabağ bizim üçün yalnız xəritədəki bir ərazi deyil, canlar bahasına azad edilmiş müqəddəs Vətəndir.
Bu sözləri Şuşa uğrunda döyüşlərin iştirakçısı Fəxri Əliyev deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərə səfər edən hər kəs bu torpaqların müqəddəsliyini unutmamalıdır. Həmin ərazilərə ayaq basarkən qəhrəmanlarımızın izlərinin qaldığını xatırlamaq, təbiətə və tarixi irsə həssas münasibət göstərmək vacibdir.
“Qayalara, daşlara adımızı yazmaqla iz qoymağa ehtiyac yoxdur. Çünki Qarabağda ən böyük iz şəhidlərimizin və qazilərimizin qoyduğu izdir”, – deyə F.Əliyev vurğulayıb.
O qeyd edib ki, Qarabağa gedən hər bir vətəndaş bu torpaqların təbiətini qorumalı, tarixi irsinə hörmətlə yanaşmalı və ərazinin təmizliyinə diqqət yetirməlidir: “Əgər Qarabağdan xatirə aparmaq istəyiriksə, daşlara söz həkk etməyək, Qarabağ sevgisini ürəyimizə həkk edək. Bu torpaqlar bizə şəhidlərimizin canı bahasına əmanət olunub. Gəlin, Qarabağın daşına yazı yazmayaq, təbiətini korlamayaq və şəhidlərimizin əziz xatirəsinə layiq olaq”.
Müharibə iştirakçısı azad olunmuş torpaqlara səfər edənlərə müraciət edərək deyib: “Qarabağa ad yazmağa yox, qəhrəmanlarımızın yazdığı tarixi yaşatmağa gedək!”. (Azərtac)



































































