Əlilliyi olan şəxslərin baxıcıları üçün növbəti təlim keçirilib
“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin baxıcıları üçün təlimlərin təşkili” layihəsi çərçivəsində dördüncü təlimini uğurla keçirib.
İNSUN Yaşam Mərkəzində təşkil olunan tədbirdə 12 nəfər iştirak edib.
Təlimin əsas məqsədi əlilliyi olan şəxslərin baxıcılarının bilik və bacarıqlarının artırılması, onların müxtəlif insanlarla daha düzgün və effektiv ünsiyyət qurmasına, fərdi xüsusiyyətləri nəzərə alaraq uyğun yanaşma nümayiş etdirməsinə dəstək olmaqdır.
Təlim zamanı iştirakçılara insanların fərdi xüsusiyyətlərini və davranışlarını daha yaxşı anlamaq, eləcə də ünsiyyət və münasibət zamanı düzgün yanaşma üsulları barədə məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlim iştirakçıların fəallığı və qarşılıqlı müzakirələri ilə yadda qalıb.
Layihə çərçivəsində keçirilən təlimlər əlilliyi olan şəxslərin gündəlik qayğısında iştirak edən baxıcıların peşəkar və sosial bacarıqlarının inkişaf etdirilməsinə, onların qarşılaşdıqları situasiyalara daha düzgün yanaşmasına və qayğı prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
İNSUN Yaşam Mərkəzinin könüllü dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti təlimlərin təşkili nəzərdə tutulur.






































































