Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Yenikənd və Qırmızı Şəfəq kəndlərinin sakinləri ilə keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.
Səyyar qəbul zamanı Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Heydər Əliyev ideologiyası xalqımızın milli-mənəvi dəyərlər sisteminin qoruyucusu kimi” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi və cəmiyyətin inkişafında bu dəyərlərin əsas istiqamətverici amil kimi möhkəmləndirilməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və onun formalaşdırdığı ideoloji baxışlar sistemi xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev ideologiyasının əsas istiqamətlərindən biri Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının, ana dilinin, mədəni irsinin və mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsidir. Ümummilli Lider milli-mənəvi dəyərləri cəmiyyətin mənəvi bütövlüyünü təmin edən mühüm amil kimi qiymətləndirir, milli irsin qorunmasını dövlətçilik ənənələrinin möhkəmləndirilməsi ilə sıx əlaqələndirirdi.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, zəngin tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və milli kimliyimizin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən birini təşkil edib. Ulu Öndər Heydər Əliyev ideologiyası Azərbaycançılıq məfkurəsini dövlətçilik, milli birlik, vətənpərvərlik, dilimizə, tariximizə və mədəni irsimizə bağlılıq kimi fundamental dəyərlərlə uzlaşdıraraq xalqımızın milli-mənəvi bütövlüyünün möhkəmlənməsinə mühüm töhfələr verib. Ulu Öndərin siyasi irsində milli-mənəvi dəyərlərin qorunması yalnız keçmişə bağlılıq deyil, həm də müasir və güclü Azərbaycanın gələcəyinin etibarlı təməlinin formalaşdırılması kimi qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasına əsaslanan dövlətçilik kursu cəmiyyətin bütün təbəqələrini vahid milli ideya ətrafında birləşdirən mühüm mənəvi-siyasi amilə çevrilib. Ana dilinin, milli mədəniyyətin, ədəbiyyatın, incəsənətin və tarixi yaddaşın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət xalqımızın öz milli kimliyinə bağlılığını daha da gücləndirib.
RİH-nin başçısı bildirib ki, bu siyasi və ideoloji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin və milli mədəni irsin inkişafı, tarixi-mədəni abidələrin bərpası və ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə milli kimliyin qorunması ilə müasir inkişafın və qlobal çağırışların vəhdəti xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik dəyərləri əsasında formalaşmasına mühüm zəmin yaradır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən Yenikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərə mavi yanacağın verilməsi, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.





































































