“Qərbi Azərbaycana qayıdış konsepsiyası qadınların gözü ilə” mövzusunda tədbir keçirilib
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində Vedi rayon Qadınlar Şurasının “Qərbi Azərbaycana qayıdış konsepsiyası qadınların gözü ilə” mövzusunda ilk tədbiri keçirilib.
Tədbirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Xəqani Səfərov çıxış edərək Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Xəqani Səfərov çıxışında Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqsəd və prinsipləri barədə məlumat verib. Bildirib ki, Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru, Vedi Rayon İcmasının qadınlarla iş üzrə məsul şəxsi Samirə İmanova geniş məruzə ilə çıxış edib. O, məruzəsində Qərbi Azərbaycana qayıdış prosesində qadınların rolundan, bu istiqamətdə maarifləndirmə və ictimai fəallığın artırılmasının əhəmiyyətindən söz açıb. Samirə İmanova, həmçinin Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının qarşısında duran vəzifələri barədə danışaraq qadınların təşkilatlanması, onların təşəbbüslərinin dəstəklənməsi, gənc nəslin tarixi yaddaş ruhunda tərbiyəsi və qayıdış ideyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlərin vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Validə Ələkbərli, Qərbi Azərbaycan İcmasının mətbuat katibi Lamiyə Rövşənqızı, 24 saylı 1-ci Nizami rayon Seçki Dairəsinin sədri Fəridə Rzayeva, Vedi rayon sakinləri, pedaqoqlar Laləzar Məmmədova və Liza Əliyeva, "Sosial-iqtisadi və kənd təsərrüfatına dəstək İctimai Birliyi"nin sədri Zülfiyyə Nuriyeva, Bakı Slavyan Universitetində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru. dosenti Dürdanə Hümbətova, hüquqşünas Qumru Orucova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Zəhra Allahverdiyeva, həmin universitetin I kurs magistrantı Fatimə Allahverdiyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin ll kurs tələbəsi Bahar Qafarova, Azərbaycan Dillər Universitetinin tələbəsi Nuranə Hüseynzadə, pedaqoq Arifə Haqverdiyeva, Xətai rayon, 181 saylı körpələr evinin müdiri Səadət Hümbətova və Azərbaycan Dillər Universitetinin əməkdaşı Sübü Əliyeva çıxış edərək Qayıdış Konsepsiyasının müxtəlif aspektləri ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər.
Çıxışlarda xüsusi vurğulanıb ki, qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir.
Tədbir zamanı Qərbi Azərbaycana qayıdış istiqamətində qarşıda duran vəzifələr geniş müzakirə olunub, iştirakçıların təklifləri dinlənilib. Həmçinin yeni layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni layihələr üzrə hazırlıq prosesinə start verilib.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.






































































