Neftçala rayonunda təhsil işçilərinin konfransı keçirilib
Neftçala rayonu Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin konfransı keçirilib.
Konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, RİH-nin məsul şəxsləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəsmiləri, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və metodistlər iştirak ediblər.
Məktəbin həyətində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə ziyarət olunub və önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların mühüm nəticələr verdiyini bildirib. Qeyd edib ki, dövlət başçısının təhsilə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizin müxtəlif bölgələrində müasir standartlara cavab verən yeni məktəblər tikilir, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenilənir, şagirdlərin keyfiyyətli və əlverişli təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətində təhsil hər zaman prioritet istiqamətlərdən biri olub. Ölkəmizdə insan kapitalının inkişafı, gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsi, müəllimlərin fəaliyyətinin stimullaşdırılması və təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər Azərbaycanın gələcək inkişafına mühüm töhfə verir.
RİH-nin başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial və humanitar layihələr, o cümlədən təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması istiqamətində görülən işlər ölkəmizdə təhsil mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
RİH-nin başçısı cari ildə rayonun ümumtəhsil məktəblərinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticələr göstərib, yüksək bal toplayan məzunların və tələbə adını qazanan gənclərin sayı artıb. Bu göstəricilər rayon təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və şagirdlərin biliklərinin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi qiymətləndirilir. Əldə olunan uğurların davamlı xarakter daşıması üçün təhsil müəssisələri, müəllimlər, valideynlər və ictimaiyyət arasında sıx əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Müasir məktəb yalnız biliklərin verildiyi məkan deyil, eyni zamanda şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin və sağlam həyat tərzinin aşılandığı mühüm sosial mühitdir.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Müəssisə rəhbərləri ilə aparılan fikir mübadiləsi zamanı Rəşad Musayev dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan, müəllimlərin yüksək sosial rifahının təmin olunması istiqamətində atılan addımlardan söz açıb. Bildirib ki, həyata keçirilən tədbirlər təhsilin inkişafına xidmət edir. Yaradılmış şəraitə uyğun olaraq təhsilverənlərin qarşıya qoyulan hədəflərə nail olması vacibdir.
O, növbəti gün davam etdiriləcək panel müzakirələrində müəllimlərin fəal iştirak edəcəyinə, hər məktəbin qarşısına konkret hədəflər qoyaraq mövcud problemlərin həlli istiqamətində səmərəli təkliflər irəli sürəcəyinə inandığını bildirib.
Hesabat çərçivəsində müxtəlif məruzələr dinlənilib, həmçinin IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, məktəblərin özünüqiymətləndirməsi, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikasının təmin edilməsi, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə işin təşkili və müəllimlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Bununla yanaşı, rayon üzrə məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, məktəbəqədər təhsildə əhatəliliyin kəmiyyət və keyfiyyət göstəriciləri barədə fikir mübadiləsi aparılıb. Müəssisə rəhbərlərinin və metodistlərin fikirləri dinlənilib.
Konfransın ikinci günü müvafiq fənlər və qruplar üzrə panel müzakirələri ilə davam etdiriləcək.




































































